Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyun 2019

Üstün əxlaqların dominantlığı nə ilə şərtlənir?

Bismilləhir-Rahmənir-Rahim! Mübarək dinimizin nəzərində ən önəmli mövzulardan biri - əxlaqdır. O qədər önəmli bir mövzudur ki, Həzrət Rəsulallah (s) öz besətini izah edərkən ali əxlaqları tamamlamaq üçün göndərildiyini bəyan edir. Belə ki, əziz Rəsulallah (s) buyurur: “Mən məkarim əxlaq və onu gözəlləşdirmək üçün məbus olmuşam”.

Bu bəhsimizdə məkarimul-əxlaqi - ali əxlaqı və əxlaqın prinsiplərini əhatə edən mövzulara toxunmaq istərdik.

Məkarimul-əxlaq prinsiplərini özündə cəmləyən ayə

Mübarək Qurani-Kərimdə məkarimul-əxlaqın bütün prinsiplərini özündə cəm edən ayə, müfəssirlərin nəzərinə görə, “Əraf” surəsinin 199-cu ayəsidir. Bu ayədə sadə, yığcam şəkildə ali əxlaqi dəyərlər bəyan olunub. Ayədə buyurulur: “Əfv və güzəşt yolunu tut, yaxşı işlər görməyi əmr et və nadanlardan üz döndər”.

Ayənin təfsiri nöqtələrinə diqqət edəndə, görəcəyik ki, “əfv” sözünün özünün, eləcə də cahillərdən, nadanlardan üz döndərmənin özünün geniş mənalara, geniş təfsiri izahlara ehtiyacı var. Amma ümumi anlamda orta xətti tutmağa, güzəşt etməyə işarə edilir. Xəta edənləri, yanlış edənləri - onlar üzr istəyərkən - bağışlamaqdan söhbət gedir.

Təbii ki, burada söhbət şəxsi əxlaqi münasibətlərdən gedir. Bu məsələni ictimai əxlaq mövzularına aid etmək yanlış olar. İctimai əxlaqın standartları, mövzuları tamamilə fərqlidir. Burada vurğu insanların bir-biriləri ilə gündəlik olan münasibətlərinə edilir. Adətən bizim məsələlərimiz elə bu müstəvidə, adi, məişət məsələlərində olur. Çox nadir hallarda həyatımız, qərar verməyimiz ictimai durumla bağlı olur.

Dinimiz ictimai məsələlərdə nə qədər dəqiq, qəti və prinsipial olmağa çağırırsa, bir o qədər də fərdi əxlaq mövzularında bağışlamaq, keçmək, güzəşt etmək üçün bəhanə axtarmağa çağırır. Bu ayənin mahiyyəti də məhz fərdi əxlaqa aid olan hissələrə aiddir.

Əxlaqi davranışın üç ana sütunu

Həzrət İmam Sadiq (ə) bu ayəni, məkarimul-əxlaqla bağlı ən tutumlu və əhatəli ayələrdən hesab edir. Mübarək ayə çox sadə və lakonikdir, amma çox dərin və əsaslı şəkildə bizlərə əxlaqi prinspiləri çatdırır.

Burada həm fərdi əxlaqa, həm ictimai əxlaqa aid vurğu yer alıb. Ayədə fərdi müstəvidə güzəştli olmaq tövsiyə edilir.

İctimai əxlaq baxımından yaxşılıqlara dəvət etmək tövsiyə edilir. Dostla necə davranmanı öyrədir - dostla əfv və güzəştlə davranacaqsan.

Düşmənlə necə davranmanı öyrədir - düşmənlə üz-üzə gələndə, üz döndərəcəksən.

Dillə davranmanı öyrədir - yaxşılıqla dəvət edəcəksən.

Əməllə necə davranmanı öyrədir - üz döndərəcəksən.

Müsbət çağırış var - əfv edəcəksən.

Bunun əksinə o - mənfi çağırış var - üz döndərəcəksən.

Ayədə həm ümmətin başında gələn şəxsə aid, həm də ümmətə aid nöqtə var.

Əfv və güzəşt fərdi münasibətlərin əsasını təşkil etməlidir

Təfsiri nöqtələrə diqqət etdikdə, görürük ki, Allah Təala Öz elçisinə güzəştli, əfvli davranmanı əmr edir. Bir qədər də izahına getsək, Allah Təala Öz Elçisinə (s) buyurur ki, əfv və güzəştli davranışı əldən verməsin və buyurur ki, əfv və güzəştli davranış sənin həyatında birincilik təşkil etsin, dominant olsun, üstünlük bununla olsun.

Əfv və güzəştli olmaq istisnavi hal olmasın, arada əfv etmə, arada güzəştli davranma olmasın. Gərək əfv etmə və güzəştli davranma həyatın ana prinspi olsun. Söhbət bir ailəiçi, dostlararası, qonşular, qohumlararası münasibətlərdən gedir. Təəssüflər olsun ki, biz şəxsi əxlaq mövzularında çox vaxt güzəştsiz, ictimai əxlaq müstəvisində isə güzəştliyik.

Misal üçün, bir nəfər bir kəndə su çəkməli idi, həmin kəs suyu çəkməyib, başqa bir yerə xərcləyib. Dinimiz burada güzəştli olmağı əmr etmir. Dinimizin çağırışı əksinə - burada öz haqqını tələb etməkdir. Burada ümuma zərbə vurulduğu üçün, cəmin mənafeyinə zərbə vurulduğu üçün həmin kəs bütün cəmin məsələsini yoluna qoymalıdır, xətasını aradan qaldırmalıdır, sonra da toplumdan üzrxahlıq etməli və Allahdan bağışlanma istəməlidir.

Amma bir də var ki, iki yoldaş arasında nə isə xırda anlaşılmazlıq olub, dinimiz burada güzəştli olmağa çağırır.

Biz bəzən tam əksinə, bu mövzularda israrlı oluruq, ilişib qalırıq, birinci halda isə rahat üstündən keçirik.

Yaxşılıqlara dəvət - Allah Elçisini (s) nümunə bilənlərin əsas keyfiyyətidir

Ayədən çıxan digər təfsiri çalar budur ki, ayədən göründüyü kimi, yaxşı işlərə dəvət - Allah elçilərinin (ə) vəzifələrindəndir. Yaxşı işlərə dəvət dedikdə, ağlın nəzərində gözəl, yaxşı tanınan hər şey nəzərdə tutulur.

Hər hansı bir iş ki, ağıl, iman, din, inanc onu bəyənir - o, yaxşı iş kimi nəzərdə tutulur. Ayədə həm Allah Elçisi (ə), həm də bütün bəşəriyyət bu cür tanınan işlərə dəvət etməyə çağırış edilir.

Mübarək hədislərə nəzər salaq.

İmam Həsən Müctəba (ə) buyurur: “İnsanlar dörd dəstədirlər:

O dəstə ki, əxlaqları vardır, ancaq dünyadan (bəhrələri) yoxdur.
O dəstə ki, dünyadan bəhrələri vardır, ancaq əxlaqları yoxdur.
O dəstə ki, nə (dünyadan) bəhrələri vardır, nə də əxlaqları. Onlar - ən pis insanlardırlar.
O dəstə ki, həm əxlaqları vardır və həm də dünyadan bəhrənirlər - onlar ən yaxşı insanlardırlar".
Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü sizlərin mənə ən yaxın olanı - doğru danışan, əmanətdar olan, əhdinə vəfa edən, xoş əxlaq olan və insanlara ən yaxın olandır”.

İmam Səccad (ə) buyurur: “Dörd sifət vardır ki, hər kimdə olarsa, imanı kamil və günahları bağışlanmış olar. Allahla elə halda görüşər ki, ondan razı olar:

İlahi təqva.

Düz danışmaq və insanlara qarşı sədaqətli olmaq.

Allah dərgahında və insanların qarşısında bütün çirkinliklərdən pak ətəkli və həyalı olmaq.

Xoş əxlaqlı və ailəsi ilə xoşrəftar olmaq".

İmam Sadiq (ə) buyurub: "Mömin o kəsdir ki, gəliri halal və pak, əxlaqı gözəl, batini sağlam və düz olsun, malının artığını (ehtiyacı olanlara) paylasın və çox danışmaqdan çəkinsin».

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Fərq etməz - qocadır, yoxsa cavan, qadındır, yoxsa kişi, alimdir, yoxsa qeyri-alimdir - əgər mənə bənzəmək istəyirsə, bilməlidir ki, sizlərin ən xoş əxlaqlı olanı - mənə ən çox bənzəyənədir”.

Gördüyümüz kimi, Həzrət Rəsuli-Əkrəmə (s) yaxın olmaq istəyən insan, öz əxlaqi keyfiyyətlərinin ən ali səviyyədə olmasının qayğısına qalmalıdır.

Dinimiz cahil və nadanlarla necə davranmağı tövsiyə edir?

Üçüncü təfsiri nöqtə cahillərlə bağlı olan hissə ilə bağlıdır. Allah Təala Öz Elçisinə (s) buyurur ki, cahillərlə, nadanlarla davranışda üz döndərsin. Burada söhbət savadı, bilgisi az olanlardan getmir. Adam ola bilər ki, çox bilgisi var, amma cahildir, nadandır.

Yəni mövzu burada bilib-bilməməkdə deyil. Təfsiri nöqtələrdə buna dair iki işarə var. Bir tərəfdən üz döndərmə kinayə mənasındadır ki, həmin kəsləri yola verin. Bununla bağlı anlam budur ki, həmin kəslərin etdiklərini görməməzliyə vurun, yola verin.

İkinci anlamı da budur ki, həmin kəslərə etina etməyin, uzaqlaşın.

Bəzi müfəssirlər bu ayədə mövzunun birinci anlam olduğunun üzərində dayanırlar. Çünki ayənin ruhu əfv və güzəşt etmək üzərindədir. Ona görə də ayənin kontekstindən, ruhundan çıxış edərək deyə bilərik ki, burada kinayə - birinci anlamdadır, yəni cahilləri, nadanları yola verməyə, etdiklərini görməməzliyə vurmağa çağırış edilir.

Məkarimul-əxlaqa yiyələnmək - din təbliğçisinin əsas vəsifəsidir

Dördüncü təfsiri nöqtə budur ki, əfv və güzəşt etmək, xətalardan keçmək, yaxşılıqlara dəvət etmək, nadanlara baş qoşmamaq - müsəlmanın, möminin, din təbliğçisinin əsas vəzifələrindəndir.

İnsanlar xəta ediblərsə keç, yaxşı işlərə dəvət et, cahil və nadanlarla davranışda isə baş qoşma, görməməzliyə vur. Bunlar hamısı ali əxlaqlardandır və din təbliğ edən insanda olması - gərəkən ən mühüm xüsusiyyətlərdəndir.

Ayədə gələn cahillər və nadanların mistaqlarına bütpərəstlər də, müşriklər də aiddir. Zamanımızda hər kəs ki, Haqqı qəbul etmir - onlar da cahil və nadanlar hesabındadır.

Həzrət İmam Sadiqin (ə) buyuruşlarından belə başa düşülür ki, bu ayədə əfv - orta həddi tutmağa işarədir. Yəni, ayədə “əfv və güzəştli ol” dedikdə, orta həddi tutmağa çağırış edilir.

Əfv və güzəşt nədir?

Həzrət İmam Həsən Müctəbadan (ə) rəvayət olunur ki, Həzrət Rəsulallah (s) cənab Cəbrayıldan (ə) soruşur ki, əfv nədir? Allah Elçisinə (s) əfv etmək və güzəştli olmaq buyurularkən, o Həzrət (s) Allahın mələyindən (ə) əfvin nə olduğunu soruşur. Cənab Cəbrayıl (ə) cavabında buyurur: “Əfv odur ki, o kəslə ki, səndən qırılıb - dostluq bağını qurasan. O kəsə ki, səni məhrum edib - hədiyyə edəsən. O kəsə ki, səni incidib - keçəsən”.

Əgər bir nəfər səninlə dostluq əlaqələrini kəsibsə, dinimizin çağırışı budur ki, sən onunla həmin əlaqəni qurmağa can atmalısan. Əgər biri sənə əvvəlki xoş münasibəti bəsləmirsə, ona hədiyyə edib könlünü almalısan. O kəs ki, səni incidib, onun üçün keçməlisən. Buna dinimizin nəzərində əfv və güzəşt deyilir və bu, ən üstün əxlaqlardan hesab olunur.

Deməli, əfvin bir orta hədd anlamı var, bir üzrü qəbul etmək və bağışlamaq anlamı var, bir işləri asan tutma, qəliz olmama anlamı var. Əfv etmək budur ki, insan qəliz insan olmur, onunla münasibət qurmaq, saxlamaq çətin olmur, o, işləri asan tutur.

Ayədə həm də əfv və güzəştli yolu tutmağa çağırış o mənadadır ki, özünün əfv və güzəşt tutumunu nəzərdən keçir. Yerində əfv et, yerində güzəşt et, bu işddə də həddi aşma.

İnancımızın çağırışı budur ki, yaxşı olmaq, yaxşı işlər görmək kifayət deyil. İnsan yaxşı olacaq və yaxşıya da dəvət edəcək. Yaxşılıqlara dəvət etmək də ən üstün əxlaq olaraq bəyan edilir və dinimizin ən zəruri mövzularındandır.

Ayənin ünvanı - Həzrət Peyğəmbəri (s) nümunə bilən hər bir kəsdir

Ayənin ünvanı hər bir müsəlmana, hər bir möminə aiddir. Düzdür, ayədə buyurulan xüsusi ünvan - əziz İslam Peyğəmbəridir (s), amma Peyğəmbər (s) bizim hamımız üçün bir nümunədir. Buna görə də, Peyğəmbəri (s) özü üçün nümunə bilən hər kəs üçün bu məsələlər - ən üstün əxlaqlardandır.

Bir tərəfdən - həyatımızın ana xətti güzəştli və əfvli olmalıdır.

Digər tərəfdən - özümüz yaxşılıqları yaşamalıyıq və eyni zamanda yaxşılıqlara çağırış etməliyik.

Üçüncü tərəfdən isə cahillərə, nadanlara baş qoşmamalıyıq, onların etdiklərini görməməzliyə vurmağı, səbirli davranmağı bacarmalıyıq. Əgər bunları həyatımızda, şəxsi münasibətlərimizdə, fərdi ünsiyyətlərimizdə, təbliğimizdə yaşada bilsək - ən üstün əxlaqa yiyələnmiş olacağıq.

Təbərrük üçün əxlaqı anladan bəzi mübarək hədislərə nəzər salaq.

İmam Əli (ə) buyurur: “Üç şey məhəbbətə səbəb olar: gözəl əxlaq, yaxşı yoldaşlıq və təvazökarlıq”.

İmam Sadiq (ə) buyurur: “İnsanın imanı kamil olmaz, məgər o halda ki, dörd sifətə malik olar:

Əxlaqı gözəl olsun.

Nəfsini xar etsin.

Sözlərinə nəzarət edə bilsin.

Sərvətinin artığını (zəkatı) ödəsin".

Növbəti hədisdə xoş əxlaqlı olmağın dəqiq formulu təqdim edilir.

Belə ki, İmam Səccad (ə) Peyğəmbərdən (s) nəql edir ki, sonuncu xütbəsində buyurmuşdur: “Xoş olsun o kəsin halına ki, xoş əxlaqlı və pak təbiətli olsun. Batinini islah edər, zahirini və rəftarını gözəl edər. Malının artığını başqalarına bağışlayar, sözünün artdığını saxlayar. İnsanlarla rəftarda insafa malik olar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü bəndənin əməl tərəzisinə qoyulan ilk şey - onun gözəl əxlaqıdır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Sizlərin ən üstünü - əxlaq cəhətdən ən yaxşılarınızdır. Onlar ki, özlərini xidmətə hazır edirlər və başqaları ilə ülfət və məhəbbətlə yaşayırlar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Məkarim əxlaq ibarətdir:

Sənə zülm edəni bağışlamaq.

Səninlə əlaqəsini kəsənlə rabitə qurmaq.

Səni məhrum edənə bağışlamaq.

Öz ziyanına olsa belə, haqqı demək".

İmam Əli (ə) buyurur: “Məkarim əxlaqda sabit olun ki, o, başıuca olmağın mənbəyidir.

Pis əxlaqdan çəkinin ki, o, şərəfli insanları alçaldar və böyüklüyünü aradan aparar".

Həzrət Peyğəmbər (s) buyurur: “Hüsni əxlaq odur ki, əgər müvəffəq olsan - razı olasan, əgər olmasan - əsəbiləşməyəsən”.

Allahım, bizlərə fərdi müstəvidə əfv və güzəştli davranışı, yaxşılıqları yaşayıb və yaxşılıqlara dəvət etməni, cahillərlə münasibətdə doğru davranışı nəsib et!

Allahım, bizlərə ali əxlaqi dəyərlərə yiyələnməni nəsib et!

Allahım, aqibətlərimizi xeyirli et! Amin!


371 dəfə baxılıb
در حال ارسال اطلاعات...