27 Sentyabr 2019

Allahın haramını halal edən rəhbərə qarşı İmam Hüseyn (ə) və Allahşükür Paşazadənin mövqeyi

İmam Hüseynin (ə) tarixi bir çıxışı vardır. Yezid lənətullaha qarşı qiyam qaldıranda buyurmuşdu ki, cəddim Rəsuləllahdan (s) eşitdim ki, kim Allahın halalını haram, haramını halal edən rəhbəri görüb etiraz etməsə Allah onu da həmin rəhbərin getdiyi cəhənnəmə vasil edər. Bu tarixi çıxışı yəqin ki, bütün günü fətvalarını Allahın deyil Heydər Əliyevin adıyla başlayıb İlham Əliyevin adıyla bitirən QMİ və onların cəmisi ildə iki dəfə “fətva” verən “qaziləri” çox gözəl bilirlər. Nəinki bilirlər, əgər onların mollalarının məscidlərinə gedən olsa bilər ki, orda da minbərlərdə bunu 80 dəfə camaata deyirlər. Amma növbə əmələ gələndə 80 yox 180 dərəcə əksini edirlər. Hələ yerdən biri qalxıb desə ki, “ay molla, axı Azərbaycanda da Allahın halalları haram, haramları halal edilib, onda bu söz İlham Əliyevə və ona etiraz etməyən sizlərə də aiddir” deyəcəklər ki, yox əşşi, nə danışırsan, İlham Əliyev bizim peyğəmbərimizdir. Halbuki həqiqətən də Allahın haram buyurduğu spirtli içkilər, donuz əti satışı, rüşvət, sələmlə banklar, efirdəki əxlaqsızlıq, xalqı talamaq, oğurluq və s. haramlar ölkədə halal edilib. Bunun bərabərində halallar da haram edilməkdədir. Hətta nəinki halallar, Allahın vacib buyurduğu işləri ölkədə qadağan ediblər.

Bizim üçün şəxsən dindən savadı olmayan insanların nə düşündüyü o qədər maraqlı deyil. Amma üzümüzü QMİ-yə, şəxsən QMİ sədrinə tutub soruşuruq: Allahın halallarını haram etməyi bir kənara qoyaq, sizin bütün günü təriflədiyiniz İlham Əliyev namazsız, orucsuz insandır. Ətrafına da yığılan məmurlar cəlladın, başkəsənin biridir. Şəxsən Allahşükür Paşazadə elə bir adamı, elə bir ailəni tərifləyir ki, onlar sovet vaxtı kommunist olmuş, dinə qadağalar qoymuş, Azərbaycan müstəqillik qazananda isə özlərini Allah bəndəsi kimi aparmışlar. Amma bu hiylələrini də Allah möminlərin əliylə ifşa etmişdir. Belə ki, Allahın dinini təbliğ edən möminləri, ruhaniləri şərləyib, kişi kimi mübarizə aparmaq əvəzinə qorxaq və zavallıcasına torbalarını tikib zindana saıblar. İbn Ziyadların at oynatdığı, Hanilərin həbs edildiyi, Müslimlərin öldürüldüyü ölkəmizdə QMİ sədri də Şureyh qazi olmağa and içib. Bütün günü yalandan öydüyü insanlar isə Allah üçün bir dəfə də olsun diz qatlamayan, dindara yuxarıdan aşağı baxan, xalqın qorxusundan, riyakarlıq üzündən iki-üç məscidi təmir edən insanlardır. Onlar bu saat arzu edirlər ki, ermənilərlə oturub yenə rumka toqquşdursunlar.

QMİ “qazilər” şurasından soruşuruq: Sizlər hər il Məhərrəmliyin gəlişiylə bağlı fətva verərkən, bu Məhərrəm ayını hansı İmam Hüseynin şəhid ediliyi ay hesab edirsiniz? Görəsən sizin məscidlərdə mərasimlər qurub ehsanlar verdiyiniz insan hansı İmam Hüseyndir? Həmin İmam Hüseyndir (ə) ki, buyurur ki, Allah Rəsulu (s) Allahın halalını haram, haramını halal edən zalıma etiraz etməyəni də həmin zalımı atdığı cəhənnəmə atacaq?

Əlbəttə söhbətin bu yerində demək lazımdır ki, tənqid hədəfi etdiyimiz insanlar eyniylə İmam Hüseyni (ə) dəvət edən kufəlilərə bənzəyir. Onlar – bu dəqiqə zamanın imamı gəlsə heç də onun ordusunda qərar tutmayacaqlar. Əksinə, onlar zahirdə imamı öyəcək, batində isə vəfasız küfəlilər kimi imama xəyanət edəcəklər.


219 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP