18 Sentyabr 2019

Müsibətinə ağladığımız İmam Hüseynin (ə) Kərbəla şəhidi İmam Hüseyn (ə) arasındakı fərq

Hazırkı məhərrəmlik məclislərinin böyük əksəriyyətində minbər xütbələrini, rozələri, mərsiyələri eşidəndə adam elə bilir ki, müsibətinə ağladığımız İmam Hüseynlə (ə) Kərbəlada şəhid olan İmam Hüseyn (ə) başqa-başqa insanlardır. Təbii ki, məsum İmamlardan (ə) nəql olunan rəvayətlərdə ağlamağın savabı ölçüyə gəlməz. İslam Peyğəmbəridən (s) nəql olunan “Hüseynə ağlayan gözlər qiyamət günü ağlamaz” hədisi hər şeyi ifadə etməkdədir. Amma İmam Hüseyn (ə) üçün tökülən göz yaşlarında zillət olmamalıdır. Ya ağ günə çıxdığın üçün sevinc göz yaşlarına qərq olmalısan, ya da qəm-qüssədən tökülən göz yaşları səndə zülmə qarşı dəyanət, mətanət, dözümlülük yaratmalı, sükutunu pozmalıdır. Belə olmadığı halda bu cür göz yaşları düşməni güclü, səni zəif göstərəckdir.

İmam Hüseyn (ə) zamanında və Kərbəlada İmam Hüseyndən (ə) başqa insanlar da o həzrətlə birgə şəhid oldular. Biz ağlayanda həm də onlar üçün ağlayırıq. Onlar isə o cür diktatura mühitində, çətin şəraitdə, zülmün tüğyan etdiyi bir dövrdə qəlb, dil və əməllə cihad etdilər. Bizim zəmanəmizdə, xüsusən də ölkəmizdə hər nə qədər çətin şərait, diktatura mühiti olsa da, zülm hər nə qədər tüğyan etsə də digər tərəfdən zalım hakimiyyət hətta həbs etdiyi vicdan məhbusunu xarici ölkələrin, hüquq təşkilatlarının qorxusundan məcbur qalıb azad edir. Bundan əlavə ölkədə elə bir şərait yaradıblar ki, bütün deputatları, məmurları, nazirləri lənətləmək olar, heç kim buna bir söz demir, qanunla da tənqid etmək hər bir vətəndaşın səlahiyyəti çərçivəsindədir. Yetər ki, prezident haqqında tənqidlər etməyəsən. Geridə qalan hər bir kəsi tənqid edə bilərsən. Amma bizim məhərrəmlik məclislərində, xütbələrdə adicə bir deputat belə tənqid edilmir. Din də beləcə məhdudlaşdırılır. Hətta dünyəvi adamlar elə düşünür ki, din həqiqətən də məsciddə ancaq namaz qılmaq, İmam Hüseyndən (ə) danışmaqdan ibadətdir. Biz hər zaman dövlət rəhbərlərini, dünyəvi siyasətçiləri qınayıb deyirik ki, din həyatın bütün səhnələrini əhatə edir, hətta bir dövləti idarə etmək üçün də dində qaydalar mövcuddur. Bu da dinin hər zamana, hər məkana aid olan kamil bir qanunlar toplusu olmasından irəli gəlir. Zahirən belə deyirik, amma əməli olaraq adicə bir məmurun zülmünü belə dilə gətirməyəndə camaat görür ki, din heç də dindarın danışdığı kimi deyil.

Kiçik bir nümunə demək istərdim. Məsələn, dində haram edilən çirkin əməllərdən biri qeybətdir. Amma qeybətin istisna halları barədə alimlər yazır ki, zalımın zülmünü demək qeybət deyil. Niyə? Çünki zalımın zülmü yayılmalıdır ki, məzlum (xalq) xəbərdar olsun. Amma bizim ölkəmizdə zalımların zülmü yayılmır, məzlumlar xəbərdar edilmir. Məhərrəm məclislərimiz isə İmam Hüseynin (ə) Kəbədə zalım Yezidin (l) zülmlərini xalqa çatdırmasıyla başlayır. Çünki Aşura da beləcə vücuda gəlmişdi.

Nəhayət, Kərbəla məclislərindən bəziləri qarın doydurmaq, xütbə təcrübəsi toplamaq üçün səmərəli istifadə edir. Kimisi pul, kimisi hörmət qazanır. İmam Hüseyn (ə) isə canını fəda etmişdi. Sonda bir daha qeyd edək ki, heç kimdən çıxıb əlinə bıçaq götürüb kimisə bıçaqlamaq, öldürmək istənilmir. Heç olmasa dillə də olsa, kiçik məmuru da olsa tənqid etmək olardı. Hamıya gözəl bəllidir ki, Şimr Vəliyevin Gəncədəki zülmlərini minbər əhli vaxtında desəydi Yunis Səfərov əlinə tapanca götürüb onu qanına qəltan etməzdi. O hadisə baş verəndən sonra bəzi “İlahiyyatçılar” bu işi pislədilər, Gəncədə polis məmuru bıçaqlananda bu iş də məhkum edildi. Məhkum edib dedilər ki, bu, din deyil, bu İmam Hüseyn (ə) məktəbi deyil. Amma həmin adamlar susmaqla, zülmlərdən danışmamaqla növbəti bir Şimrin (l) bıçaqlanmasına zəminə yaradacaqlar. Bunu da əlavə edək ki, bu sözləri deyən “ilahiyyatçıların” şəxsən hazırkı mövqeyi də heç islamın, İmam Hüseynin (ə) mövqeyi deyil. Sus, danışma ki, mən dini təbliğ edirəm.


201 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP