22 Fevral 2019

Hərbi xidmətə hərbi bilet, gələcəkdə işləmək üçün yox ölmək üçün gedərlər

Adamın tərcümeyi-halında yalandan olsa belə harada hərbi xidmətdə olması qeyd edilməyib.
Gürcüstanda təzə qanun çıxarılıb ki, bəs hərbi xidmətə getməyən vətəndaş gələcəkdə işlə təmin edilə bilməz. Gürcüstan bir vaxtlar bizdən çox geridə idi. Azərbaycanda təqribən 90-cı illərin əvvəllərində çox narahatçılıq var idi ki, birdən biz də Gürcüstanın gününə düşərik. Amma son dövrlər, xüsusən Saakaşvili Gürcüstanı bizi inkişafda qat-qat çox üstələyib. Düzdür, indi Gürcüstana səfər edərkən orada binaların, tikililərin çox da müasir olmadığını görə bilərsiniz. Amma olsun, "zato" Gürcüstan bizi demokratiyada çox-çox geridə qoyub. Məsələn Sovet höküməti tarixin zibilliklərinə gömüləndən sonra Gürcüstan da öz azadlığını elan etdi. Daha sonra bir vaxtlar Gürcüstanın XİN başçısı vəzifəsində işləmiş Şevardnadze gəlib prezident oldu. Amma xalqın təkidi ilə getdi. Bizdə olduğu kimi kresloya mıxlanıb qala da bilərdi. Oğlunu, qızı, nəvə-nəticəsini gələcəkdəki hakimiyyət üçün hazırlaya da bilərdi. Beləliklə də indiki Gürcüstanda Şevardnadzelər sülaləsi hakim ola bilərdi. Bununla da iş bitmədi. Şevardnadze getdi, Saakaşvili gəldi, amma o da müddəti bitdikdən sonra getdi. Bu, Gürcüstandakı demokratiyanın bir nümunəsidir. Hələ mən Saakaşvilinin müxbirin "necə oldu ki, Gürcüstanda rüşvəti yox elədiniz?" sualına "ilk növbədə özüm almadım" deyə verdiyi cavabı demirəm. Son xəbərlə bağlı onu deyə bilərəm ki, nə əcəb Gürcüstanda indiyədək bu məsələ qaldırılıb müzakirəyə çıxarılmayıb. Məsələn, diktaturanın, avtoritarizmin meydan suladığı Azərbaycanda zahirən bu qanun çoxdan mövcuddur. Hazırkı nəsildən də dəfələrlə eşitmişik. Deyirlər ki, cəhənnəm olsun hökümət də, dövlət də, hətta ordu da, səngər də. Mən əsgər gedirəm ki, əlimdə hərbi biletim olsun, gələcəkdə işə girib işləyə, yüksək vəzifə tuta bilim. O da məlumdur ki, bizdə belə bir qanun olsa da qanuna əməl edən çox azdır. Məsələn nə çox insan vardır ki, hərbi xidmətdə olmayıb, amma daydayının pulu hesabına yüksək vəzifəyə də yiyələnə bilib. Məsələn Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdışından sonra İlham Əliyevə vəzifələr verilməyə başladı. Bala-bala bala Əliyev kiçik postlardan tutmuş baş nazirlik postuna qədər atasının "şotuna" yüksələ bildi. Nəhayət prezident belə oldu. Halbuki adamın tərcümeyi-halında yalandan olsa belə harada hərbi xidmətdə olması qeyd edilməyib.
Mən Saakaşvili ilə İlham Əliyevin adlarını əbəs yerə çəkmədim. Çünki Saakaşvili özü rüşvət almadığı üçün Gürcüstanda rüşvət də yavaş-yavaş aradan getdi. Amma Azərbaycanda İlham Əliyevin hərbi xidmətdə olmaması hərbidən yayınmaq istəyən insanlara "stimul" verir. Onlar açıq-aşkar deyir ki, hansısa nazirin balası əsgər getmirsə, mən niyə getməliyəm. 

Zatən əsgər gedən insanlardan soruşsanız onlar deyəcək ki, Azərbaycanda əsgərlik deyilən bir şey yoxdur. Xarici ölkələrə Qarabağ probleminin uzun illərdir ləngiməsi səbəbindən hərbimizin nə vəziyyətdə olduğu zatən məlum olur. Daxilimizdə də belə düşünənlər çoxdur. Çünki kasıbın, yetimin balası hərbiyə yollanır, qışın soyuğunda postda donur, ona da ara-bir nəsə göndərə bilən ata da Rusiyada "polka" arxasında soyuqdan buz bağlayan vətəndaşdır. Amma deputatxananın haramdan piylənmiş deputatlarının, nazirlərin, məmurların balaları, yəni nəvə-nəticələri kef içində yaşayırlar. (Misal üçün Əli Həsənovun qudurğan nəvəsi ki, DSX rəisinin də kürəkənidir)
Gedən də ya gəlmir, ya yarımçıq gəlir (içalatı çürümüş vəziyyətdə). Söyüşün biri bir qəpikdən. Zabitlər əsgərlərin haqqını yeyir, maaşını oğurlayır. Haqsızlıq baş alıb gedir. Bütün bunları nəzərə alıb heç kim hərbi xidmətə yollanmaq belə istəmir. 

Burda bir məsələ də qeyd edilməlidir. Onsuz da ölkəmizdə dərəbəylikdir, qanun işləmir, qanunsuzluq, hüquqsuzluq baş alıb gedir. Təsəvvür edin ki, yaxın bir tanışım deyir ki, oğlu əsgərlikdən gələndən sonra heç hamballıq eləməyə belə onun üçün iş tapılmayıb. Amma onunla eyni yerdə hərbi xidmətdə olan, əslində isə əlini ağdan qaraya vurmayan bir nəfər mülkü həyata qayıdandan sonra gedib idarələrin birində yüksək vəzifədə çalışıb. Təsəvvür edin ki, tanışım kasıb olduğu üçün təbii ki, oğlu orada əziyyət görüb. Hətta ermənilərlə üzbəüz postu qoruyub. Amma idarədə işə düzələn isə dayday, pul "şotuna" yeyib yatıb enlənməkdən başqa heç nə bilməyib. Mülkü həyatda da başlayıb lovğalanmağa ki, bəs mən hərbi biletə sahibəm, haqqımdır ki, dövlətimə indi də mülki həyatda xidmət edim. Deyilə bilər ki, zatən əsgərliyi dayday "şotuna" keçirən insan elə vəzifəyə də dayday "şotuna" yiyələnəcək. Və ya deyilə bilər ki, dayday "şotuna" vəzifəyə yiyələnən insanın bu hərəkətindən bilinir ki, əsgərlikdə də dayday "şotuna" fırlanıb. Amma problem daha çox qabaqlara qayıdır. Məsələ zənn etdiyinizdən daha dərindir. Hətta əsgər getməmişdən əvvəl. Təbiidir ki, əsgər gedən getməmişdən qabaq özünə dayday, pul tapıb və özünü tapşırtdırıb. Bu problemi kökündən həll etmək lazımdır. Birdəfəlik qulaqda sırğa olmalıdır ki, əsgərliyə ölmək üçün getmək lazımdır, hərbi bilet üçün, kresloda oturmaq üçün yox. Hər əsgərimiz Mübariz, Fərid olmalıdır.


1509 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP