21 Fevral 2019

Axirəti qaralmış Qaralov nə qanır ki, İslam dövləti nədir?

Qaralov Respublikanın, Azərbaycan Dövlətinin Baş prokurorundan daha çox YAP hakimiyyətinin baş prokuroru kimi danışır
Azərbaycan hakimiyyətinin (bəli, Azərbaycan Respublikasının yox, məhz hakimiyyətinin) Baş Prokurorluğu 2018-ci ilin yekunlarına, əslində isə təmsil etdiyi hakimiyyətin mədhlərinə həsr edilmiş geniş kollegiya iclasında orqanın rəhbəri Zakir Qaralov qəribə bir formada çərənləyib: "Xalqın dəstəyindən məhrum olan, nüfuzunu, sosial dayaqlarını tamamilə itirmiş, ölkəmizdə İslam dövləti yaratmaq xəyalında olan radikal-terrorçu qüvvələrlə işbirliyi quran, ermənipərəst xarici dairələr tərəfindən idarə olunmaqla qanunsuz maliyyələşən AXCP və digər radikal müxalifət partiyaların ənənəvi inkarçı və qərəzli mövqedən çıxış edərək varlıqlarını sübut etmək naminə diqqəti özlərinə cəlb etməklə gündəmdə qalmaq üçün müxtəlif üsul və vasitələrdən istifadə etməyə çalışmaları diqqətə çatdırılıb." Əlbəttə çərənləmənin siyasi tərəfi, müxalifətin ünvanına deyilən söhbətlərin cavabını müxalifət lideri Cəmil Həsənli yaxşı verib. Bir dindar, İslam dininin mənsubu olaraq bizim də öhdəmizə düşər ki, dünyasını abadlaşdırıb (maşalıq eləmək nə qədər abadlıq sayılırsa) axirətini qaraldan "tavariş" Zakir Qaralov kimilərin şərləyib həbs etdikləri ruhaniləri, İslam dinini müdafiə edək. Çünki "tovariş" Qaralov İslamı terror dini, İslam dövlətini terror dövləti hesab edib və əziz, dəyərli ruhanilərimizi də terrorçuluqda ittiham edib.

Diqqət çəkən bir məqam bundan ibarətdir ki, əgər Baş Prokurorluq Respublikan hüququn aliliyini təmin etməkdən sorumludursa və dəqiq bilirsə ki, Hacı Tale terrorçudur, bəs nə üçün "terrorçunu" tutduqları halda onlarla "işbirliyi" içində olan müxalifəti tutmurlar? Məgər əl-Qaidə, Boko – Haram rəhbərləri həbs ediləndə onların işbirlikçiləri azad buraxılmalıdır? Yoxsa Baş Purokurorluğun gücü fəqət Hacı Talegil kimi insanlara çatır, amma müxalifəti müdafiə edən Avropadan "it kimi" qorxurlar? Bizə əsla Respublikanın Baş Prokurorluğunu təhqir etməkdə ittiham etməyin. Çünki bizim gəldiyimiz qənaətə görə faktiki olaraq Baş Prokurorluq, şəxsən Zakir Qaralov hazırda neytral mövqe tutmaq əvəzinə, Respublikanın deyil YAP hakimiyyətinin Baş Prokuroru kimi çıxış edir. Bu da bəllidir ki, ondan irəli gəlir ki, YAP hakimiyyəti İlham Əliyevin prezidentliyinin ömrünü uzatdıqları kimi Zakir Qaralovu da uzun müddətli olaraq vəzifədə saxlaya bildilər ki, qalıb hakimiyyətə maşalıq edə bilsin. O vaxta qədər (2009-cu il) isə bir nəfər iki dəfədən artıq nə prezident seçilə bilərdi, nə də Baş Prokuror ola bilərdi. Əlbəttə, bu "hədiyyənin" əvəzini Qaralov hakimiyyətin qapısında süpürgəçi də işləsə ödəyib qurtara bilməz.

İslam dövlətinə gəldikdə isə onu deyə bilərik ki, Qaralov məntiqsiz adam olduğu üçün İslam dövlətini, ruhaniləri terrorçu hesab etdi. Çünki əgər sən bir ruhaninin (yəni ruhani kimi özünü tanıtdıran insanın) terrorçu olduğunu dəqiq bilirsənsə onu ruhani hesab etməməlisən. Ən azından deməlisən ki, ruhani libası geyinmiş saxtakarlar terrorçuluqla məşğul olur. Məgər Ben Ladeni qınayanlar onu ruhani kimi qınayır? İkincisi budur ki, Cəmil Həsənlinin də dediyi kimi Qaralov həqiqətdə alkaşın biridir, əlbəttə İslam dininin gəlib dövlətə, qanuna hakim olmasını istəməyəcək. Axı dövlət İslam dövləti olsa Qaralov hansı tində-dalanda "vura" biləcək? İslam dövlət, qanun olsa Qaralov kimilər saxtakarlıqla hakimiyyətdə qala, rüşvət ala, maşalıq etməklə çörəkpulu qazanıb balasına haram yedirdə bilməyəcək.

Doğrudur ki, Qaralov Respublikanın, Azərbaycan Dövlətinin Baş prokurorundan daha çox YAP hakimiyyətinin baş prokuroru kimi danışır, amma belə etməklə YAP-a, İlham Əliyevə də üz qarası olub. Çünki İlham Əliyev dəfələrlə İslam ölkələrinin Qarabağ məsələsinə nisbətdə ədalətli olmalarına, müsəlman olaraq Azərbaycan müsəlmanlarına kömək etmələrinə dair müraciətlər edib. Qaralov isə müsəlmanların dinini terror dini hesab edib, indi bu adam utanmadan yenə Qarabağ mövzusunda İslam ölkələrindən mərhəmət dilənəcək. 

Sonda isə Qaralovun bütün çərənləmələrinə rəğmən bildirmək istəyirik ki, İslam dininin terrorla heç bir əlaqəsi yoxdur. Həbs edilən ruhanilər, dindarlar da oğru, alçaq, rəzil məmurların zibillərini açdıqları, haqqı çatdırdıqları üçün şərlənərək həbs ediliblər.


1528 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP