17 Fevral 2019

Siyavuş Novruzov "kotlet" ordeni aldığı üçün məktəblilər dərddən içir?

Siyavuş Novruzova da prezident "Milli Məclisin mətbəx işlərində fəallığına görə" ona "kotlet ordeni" verib
Zahid Oruc ötən prezident seçkilərindən "uğurlu" çıxdığı üçün Sosial Tədqiqatlar adlı bir yeni "toçkaya" prezident onu sədr təyin edib. Deməli, bu adam güya müxalifət adıyla prezidentliyə namizədlik vermişdi. Yəni güya sözdə prezidentin idarəçiliyinə müxalif idi, amma onun sərəncamı ilə yeni vəzifəyə təyin edilib. Əlbəttə Zahid Oruc "ştuçnı siqaret", "lezva", kontur satılan balaca "budkalara" satıcı olmağa belə ləyaqəti olmayan adamdır, amma nə edəsən, nəzərə almaq lazımdır ki, sərəncam imzalayan da İlham Əliyevdir.

Bundan başqa Zahid Orucdan fərqli olaraq rəsmi olaraq İlham Əliyevin prezident seçkilərində vəkilliyini eləyən Siyavuş Novruzova da prezident "Milli Məclisin mətbəx işlərində fəallığına görə" ona "kotlet ordeni" verib. Bəli, xalqın hakimiyyətini qəsb edib zülm üzərində taxt quran, xalqın, dövlətin uğrunda heç bir fəallığı olmayan bir hakimiyyət əlinə oyuncaq avtomat alıb "güllələrini" ora-bura vızılladan azyaşlı uşaq kimi vəzifələri, ordenləri pay-puş edir. Əşşi, bunlar cəhənnəmə, xəbərdə oxuduğum bir hadisə məni daha çox narahat elədi.

Deməli, iki məktəbli uşaq gedib alkollu içki alıb, içib bərbad vəziyyətə düşüblər. Xəbər saytı isə yazır ki, güya onlar həddindən artıq spirtli içki qəbul etdikləri üçün bu vəziyyətə düşüblər. Sanki həddindən az qəbul etsəydi ağ günə çıxacaqdı. Yaxud da həddindən az qəbul etdiyi halda sanki məktəbli uşaqlara spirtli içkilər satmaq səhih işdir.

Mən İlham Əliyevin yerində olsaydım vəzifə - orden paylamaq əvəzinə göstəriş verərdim ki, məktəbliyə spirtli içki satan mağaza sahibini cərimələsinlər, bir də qələt edib xalqın balasına alkollu içki satmasın. (Əlbəttə bizim dövlətimizdə spirtli içkilər yerli-dibli yığışdırılmalıdır) Bilirəm, deyəcəksiniz ki, canları çıxsın almasınlar, valideynləri onlara tərbiyə versin.

Bunu nəzərə alıb bir daha deyirəm ki, İlham Əliyevin yerində olsaydım məktəb müdirlərini, müəllimələri cəzalandırardım. Çünki məktəbliyə bu cür tərbiyə vermək olmaz. Bu məqamda da deyəcəksiniz ki, gərək Təhsil Nazirliyi cəzalandırılsın. Elə İlham Əliyevin yerinə olsaydım Nazirliyi də cəzalandırardım. Sonra deyəcəksiniz ki, onlardan da yuxarıda elə İlham Əliyev dayanır. Bəli, deməli elə ilk növbədə İlham Əliyev cəzalandırılmalıdır. Çünki balıq həmişə başından iylənir. Balığın başı iylənəndə isə kəsib atmaq lazımdır.

Deyəsən sizə qəribə gəldi bir az. Yəni iki məktəbli araq içib deyə bu qədər həngamə çıxartmaq nəyə lazımdır demək istəyirsiniz. Amma lazımdır. Məhz iki məktəbli, yəni iki bala gözümüzün önündəcə məhv olub gedir. Əlbəttə iki deyil, bu insanların sayı yüzlərlə, bəlkə minlələdir. Nə qədər bu cür gələcəyimiz sayılan balalarımız var ki, xəbis, yaramaz hakimiyyətin mövcud olduğu ölkədə məhv olub gedirlər. Əvvəllər bizləri dərsdən qaçdığımız üçün yaramaz hesab edirdilərsə indiki məktəblilər dərsdən qaçmaqdan əlavə hələ bir içkiyə də qurşanırlar. Hakimiyyət isə təhsildəki "inkişafdan", gəncliyin "tərəqqisindən" gündüz-gecə AztV-də "pivənoyda" oturub arağdan vurmaq kimi dəm vurur.

Daha bu yerdə deməyin ki, onlar dərd-qəm, qüssə yemək əvəzinə spirtli içki qəbul edirlər. Biz əlhəmdu lillah müsəlmanıq, ölkəmiz də müsəlman məmləkətidir. Hansısa bir xristian, yəhudi Zahid Orucun "ştuçnı budkasına" satıcı təyin edilməsi və Siyavuş Novruzova "kotlet ordeni" verilməsi xəbərini eşidər-eşitməz spirtli içkilərə qurşanmış, bu nəcis suya pənah aparmış olsaydı yenə də başa düşülərdi. Həqiqətən də böyük dərddir. Amma biz müsəlman məmləkətində araq istehsalına, satışına, alışına qadağa qoyulmalıdır. Fərq etmir, istər dini dövlət olsun, istər dünyavi dövlət. Çünki araq təkcə insanın dini üçün deyil, dünyası, dünyəvi dövləti üçün də təhlükədir. Gərək sərəncam imzalansın və dərhal aradan qaldırılsın.


1492 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP