16 Dekabr 2018

Xəbərə bax: "Ziyafət Əsgərovun qardaşı işdən çıxdı" – adamın öz adı yoxdur ki?

Kişi öz adıyla tanınar
Dəhşətli xəbərdir: "Xətai rayon Tibbi Sosial Ekspertiza Komissiyasının sədri Əli Əsgərov çalışdığı işdən ayrılıb." Dəhşət başlıqdadır. Məsələ burasındadır ki, xəbəri dərc edən saytlar xəbərə belə bir məzmunda başlıq qoyublar: " Ziyafət Əsgərovun qardaşı işdən çıxdı" Elə buna görə də qabağa gedə bilmirik. Məgər hansısa komissiyanın sədrinin öz işinə tüpürüb işdən çıxması qəribədir ki? Çıxıb çıxıb da. Dünya dağılmayıb ki? Hələ xəbərin sonunda utanmazcasına yazırlar ki, xatırladaq ki, bu adam MM sədr müavini Ziyafət Əsgərovun qardaşıdır. Əlbəttə bu cür yazarlar, saytlar bir mənada saman altdan su yeridirlər. Demək istəyirlər ki, Azərbaycanda bu problem hələ də öz həllini tapa bilməyib. Problem isə budur ki, komissiya sədri Ziyafət Əsgərovun qardaşı olduğu üçün saytlara manşet olub. Biz heç vaxt bu xəstəlikdən qurtula bilməyəcəyik.
Məlum məsələdir ki, ölkəmizdə bu dəqiqə boş qalmış yerləri doldurmaq üçün "yuxarılar" öz qohum -əqrəbalarını qabağa çəkirlər. Məsələn xəbərdə deyilir ki, XİN başçısı DİN başçısının qardaşı oğlunu rəis təyin etdi. Başqa xəbər deyir ki, DİN başçısı DTX rəisinin bacısı oğlunu vəzifəyə gətirdi. Beləcə də ömür edib gedirik. İndi bu problem azmış kimi yeni bir şey də (əslində yeni deyil) çıxarıblar – pullu, vəzifəli qohum əqrəba şotuna tanınmaq.
İndi ən acınacaqlısı budur ki, bu cür işləri qara camaat da edir. Məsələn bu yaxınlarda biri mənə deyir ki, filankəsin əli "çox uzundur, hər yerə çatır". Deyirəm ki, kimdir bu adam? Deyir filan idarənin müdir müavininin sürücüsünün maşın ustasının qardaşı oğlu. İnsanlar görün nə qədər alçalıblar. Məgər bu insanların öz adları yoxdurmu? Elə götürək Əli Əsgərovun özünü. Məgər bu kişinin atası bunun adını "Ziyafət Əsgərovun qardaşı" qoyub ki? İnsanın öz adı var, şəxsiyyət vəsiqəsində bu adla tanınır. Bütün idarələrdə, dövlətin hər yerində adı bu cür arxivlərə düşür.
Elə həmin saytlarda başqa bir xəbərin başlığına baxın: " Nazir Azad Rəhimovun qohumunun qatilini ömürlük həbsə yollatdıra bilər." Əlbəttə belə xəbərlər birə mindir. Bu xəbərin bir yerində yazıblar ki, indi bütün gözlər naizrə dikilib. Maraqlıdır ki, niyə nazirə dikilib? Cavabı aydındır. Ona görə ki, bu cür adamları şişirdən, qudurdan elə bu nazirlər, deputatlar, bir sözlə pullu, vəzifəli adamlardır. Bunlar sabah öz böyüklərinin qabağında başı aşağı olur axı. Təbii ki, xalqın qarşısında başı aşağı, dili qısa olmaları bunları narahat etmir. Əsas odur ki, bunları həmin vəzifəyə təyin edən "yuxarılar" bunlardan inciməsin.
Gələk Ziyafət Əsgərovun məsələsinə. Bu insan indi qeyd edəcəyimiz köklü problemin predmetlərindən sadəcə biridir. Bunun kimisi yüzlərlədir. Elə adı çəkilən Azad Rəhimov da onun kimi. Bu insanlar indi Ziyafət Əsgərov və Azad Rəhimovdur. Bunların keçmişləri kim olub? Misal üçün deyək ki, Ziyafət Əsgərovun keçmişdə adı "filan idarənin rəisinin qohumu" olub. Axı, Ziyafət Əsgərov elə dünyaya gələndə Ziyafət Əsgərov kimi gəlməyib ki? Eləcə də Azad Rəhimovun adı bundan qabaq – məsələn, fərz edək ki, "JEK müdirinin müavininin qardaşının yeznəsi" idi. Sonra gəlib bu səviyyəyə çatanda öz adları ilə tanınmağa başlayıblar.
Amma təəssüf ki, unuduruq. Hamımız Adəm peyğəmbərin nəsliyik, Adəm övladıyıq. Deməli, insan, vücud, məxluq olaraq bir-birimizdən heç bir fərqimiz olmamalıdır. Özümüzü dünya malına görə alçaltmamalıyıq. Razı olmamalıyıq ki, bizim adımızı "hansısa məmurun qohumu", "filan deputatın yeznəsi" qoysunlar. Kişi öz adıyla tanınar.


1519 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP